Hibrid Müharibə: XXI Əsrin Müasir Münaqişə Modeli
Münaqişələr insan cəmiyyətinin inkişafında
strukturlaşdırıcı rol oynamış, tarix boyu siyasi, iqtisadi və sosial
transformasiyaların əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış etmişdir.
Erkən mərhələlərdə qarşıdurmalar, əsasən, resursların bölüşdürülməsi, ərazi nəzarəti
və sosial bərabərsizlik kimi fundamental amillərlə izah olunsa da, bu faktorlar
texnoloji və siyasi dəyişikliklərə baxmayaraq, bu gün də aktuallığını saxlayır.
Zamanla dəyişən təkcə münaqişələrin səbəbləri deyil, eyni zamanda, onların
aparılma mexanizmləri, istifadə olunan alətlər və aktorların strukturu olmuşdur.
Hər dövr özünəməxsus müharibə modelini yaratmış və bu modellər zaman keçdikcə
daha mürəkkəb, çoxölçülü və asimetrik xarakter almışdır.
Müasir təhlükəsizlik mühitində ən çox müzakirə
olunan konseptlərdən biri hibrid müharibədir, lakin bu anlayışın sərhədləri və
tətbiq dairəsi akademik mühitdə birmənalı qəbul olunmur. Bu anlayışın “yeni”
olduğu tez-tez vurğulansa da, onun ayrı-ayrı elementləri tarix boyu mövcud
olmuşdur. Fərq ondadır ki, bu gün həmin elementlər sistemli, koordinasiyalı və
yüksək texnoloji vasitələrlə birləşdirilərək, tətbiq olunur. Xüsusilə, rəqəmsal
kommunikasiya və kiber əməliyyatlar bu strategiyanın təsir radiusunu genişləndirmiş,
informasiya mühitində sürətli və genişmiqyaslı təsir imkanları yaratmışdır.
Ənənəvi müharibə açıq silahlı toqquşma ilə
xarakterizə olunurdusa, hibrid yanaşma birbaşa hərbi qarşıdurmadan mümkün qədər
yayınmağa, rəqibi daxildən zəiflətməyə və beynəlxalq reaksiyanı minimuma endirməyə
çalışır. Dövlətlər hərbi vasitələrlə yanaşı informasiya manipulyasiyası, kiber
hücumlar, iqtisadi təzyiq və proksi qüvvələrdən istifadə etməklə çoxşaxəli təsir
strategiyaları həyata keçirirlər. Nəticədə “müharibə–sülh” arasındakı klassik sərhəd
faktiki olaraq, itir və münaqişə cəmiyyətin bütün sahələrini, iqtisadiyyatı, mədəniyyəti,
informasiya məkanını və daxili siyasəti əhatə edən kompleks prosesə çevrilir.
XX əsrdə, xüsusilə, Soyuq Müharibə dövründə
qarşıdurmalar əsasən ideoloji çərçivədə formalaşsa da, Vyetnam və Əfqanıstan
kimi nümunələr göstərir ki, qeyri-dövlət aktorları və proksi qüvvələr artıq həmin
dövrdə də mühüm rol oynayırdı. Müasir dövrdə isə dinamika dəyişmişdir. Etnik,
dini və lokal maraqlar ətrafında birləşən qeyri-dövlət aktorları getdikcə daha
böyük rol oynayır. Qloballaşma və texnologiyanın inkişafı bu aktorların fəaliyyət
coğrafiyasını genişləndirmiş, onlara qlobal miqyasda təsir imkanı vermişdir.
Bu dəyişikliklər beynəlxalq sistemin əsasını təşkil
edən Vestfaliya suverenlik prinsipinə ciddi təzyiq göstərir. Klassik Vestfaliya
modelinə görə dövlətlər öz əraziləri üzərində ali suverenlik prinsipinə malik
hesab olunur. Hibrid müharibə isə bu nəzarəti dolayı yollarla sarsıdır, daxili
və xarici müdaxilə arasındakı sərhədi bulanıqlaşdırır. Beləliklə, dövlətlər təhlükəsizlik
konsepsiyalarını köklü şəkildə yenidən nəzərdən keçirməyə məcbur olurlar.
Hibrid müharibənin əsas xüsusiyyətlərindən biri
qeyri-müəyyənlik və inkar oluna bilmə (plausible deniability) elementinin yüksək
olmasıdır. Hücum edən tərəf çox vaxt birbaşa identifikasiya olunmur, bu da beynəlxalq
hüquqi reaksiyanı gecikdirir və ya zəiflədir. Bu səbəbdən, hibrid yanaşma
yalnız hərbi strategiya deyil, eyni zamanda, güclü siyasi və psixoloji təsir
mexanizmidir. Bu vəziyyət beynəlxalq hüquq normalarının tətbiqini də xeyli çətinləşdirir.
Hibrid müharibə müxtəlif sahələri birləşdirir: ənənəvi
hərbi əməliyyatlar, qeyri-müntəzəm mübarizə, informasiya və kiber müharibə,
iqtisadi sanksiyalar, enerji manipulyasiyası və psixoloji əməliyyatlar. Bu
komponentlərin sinxronlaşdırılmış tətbiqi çoxölçülü və dinamik münaqişə mühiti
yaradır ki, burada klassik müdafiə mexanizmləri çox vaxt yetərsiz qalır.
Tarixi paralellər göstərir ki, muzdlu
qoşunların istifadəsi və dezinformasiya kimi dolayı təsir vasitələri artıq orta
əsr Avropa müharibələrində də müşahidə olunurdu, lakin müasir dövrdə bu
elementlər texnoloji imkanlar hesabına daha sistemli xarakter almışdır.
2014-cü il Krım hadisələri tez-tez hibrid
müharibənin nümunəsi kimi göstərilir. Burada qeyri-rəsmi hərbi qüvvələrin
istifadəsi, intensiv informasiya kampaniyası və yerli aktorların səfərbər edilməsi
mühüm rol oynamışdır, baxmayaraq ki, bu prosesin qiymətləndirilməsi beynəlxalq
müstəvidə mübahisəli olaraq, qalır.
Bununla belə, hibrid müharibə konsepsiyası birmənalı
qəbul olunmur. Frank Hoffman hibrid müharibəni konvensional və
qeyri-konvensional vasitələrin inteqrasiyası kimi izah etdiyi halda, Mark Galeotti
bu anlayışın analitik baxımdan həddindən artıq genişləndirildiyini qeyd edir.
Valeri Gerasimov isə 2013-cü il çıxışında müasir münaqişələrdə qeyri-hərbi
vasitələrin rolunun artdığını vurğulamış, lakin Qərbdə “Gerasimov doktrinası”
kimi tanınan yanaşmanın onun tərəfindən formal strategiya kimi təqdim
olunmadığı geniş şəkildə qəbul edilir.
Hibrid müharibənin digər mühüm xüsusiyyəti onun
uzunmüddətli və mərhələli xarakter daşımasıdır. O, ani qələbədən çox, rəqibi tədricən
zəiflətmək, daxili ziddiyyətləri dərinləşdirmək və strateji mövqeləri
addım-addım ələ keçirmək strategiyasına əsaslanır.
Nəticə etibarilə, hibrid müharibə müasir
qarşıdurmaların izahında geniş istifadə olunan konseptlərdən birinə
çevrilmişdir. O, yalnız fiziki gücə deyil, rəqibin zəif nöqtələrinin kompleks
istismarına əsaslanır. Bu reallıq dövlətləri klassik hərbi doktrinalardan kənara
çıxaraq, çoxşaxəli, çevik və asimetrik təhdidlərə cavab verə bilən inteqrasiya
olunmuş təhlükəsizlik strategiyaları qurmağa vadar edir. Eyni zamanda, bu model
beynəlxalq sabitlik üçün yeni, ciddi risklər yaradır və gələcək münaqişələrin
daha da mürəkkəb və proqnozlaşdırılması çətin olacağına işarə edir.