08.05.2026
Hibrid Müharibə: XXI Əsrin Müasir Münaqişə Modeli

Münaqişələr insan cəmiyyətinin inkişafında strukturlaşdırıcı rol oynamış, tarix boyu siyasi, iqtisadi və sosial transformasiyaların əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış etmişdir. Erkən mərhələlərdə qarşıdurmalar, əsasən, resursların bölüşdürülməsi, ərazi nəzarəti və sosial bərabərsizlik kimi fundamental amillərlə izah olunsa da, bu faktorlar texnoloji və siyasi dəyişikliklərə baxmayaraq, bu gün də aktuallığını saxlayır. Zamanla dəyişən təkcə münaqişələrin səbəbləri deyil, eyni zamanda, onların aparılma mexanizmləri, istifadə olunan alətlər və aktorların strukturu olmuşdur. Hər dövr özünəməxsus müharibə modelini yaratmış və bu modellər zaman keçdikcə daha mürəkkəb, çoxölçülü və asimetrik xarakter almışdır.

Müasir təhlükəsizlik mühitində ən çox müzakirə olunan konseptlərdən biri hibrid müharibədir, lakin bu anlayışın sərhədləri və tətbiq dairəsi akademik mühitdə birmənalı qəbul olunmur. Bu anlayışın “yeni” olduğu tez-tez vurğulansa da, onun ayrı-ayrı elementləri tarix boyu mövcud olmuşdur. Fərq ondadır ki, bu gün həmin elementlər sistemli, koordinasiyalı və yüksək texnoloji vasitələrlə birləşdirilərək, tətbiq olunur. Xüsusilə, rəqəmsal kommunikasiya və kiber əməliyyatlar bu strategiyanın təsir radiusunu genişləndirmiş, informasiya mühitində sürətli və genişmiqyaslı təsir imkanları yaratmışdır.

Ənənəvi müharibə açıq silahlı toqquşma ilə xarakterizə olunurdusa, hibrid yanaşma birbaşa hərbi qarşıdurmadan mümkün qədər yayınmağa, rəqibi daxildən zəiflətməyə və beynəlxalq reaksiyanı minimuma endirməyə çalışır. Dövlətlər hərbi vasitələrlə yanaşı informasiya manipulyasiyası, kiber hücumlar, iqtisadi təzyiq və proksi qüvvələrdən istifadə etməklə çoxşaxəli təsir strategiyaları həyata keçirirlər. Nəticədə “müharibə–sülh” arasındakı klassik sərhəd faktiki olaraq, itir və münaqişə cəmiyyətin bütün sahələrini, iqtisadiyyatı, mədəniyyəti, informasiya məkanını və daxili siyasəti əhatə edən kompleks prosesə çevrilir.

XX əsrdə, xüsusilə, Soyuq Müharibə dövründə qarşıdurmalar əsasən ideoloji çərçivədə formalaşsa da, Vyetnam və Əfqanıstan kimi nümunələr göstərir ki, qeyri-dövlət aktorları və proksi qüvvələr artıq həmin dövrdə də mühüm rol oynayırdı. Müasir dövrdə isə dinamika dəyişmişdir. Etnik, dini və lokal maraqlar ətrafında birləşən qeyri-dövlət aktorları getdikcə daha böyük rol oynayır. Qloballaşma və texnologiyanın inkişafı bu aktorların fəaliyyət coğrafiyasını genişləndirmiş, onlara qlobal miqyasda təsir imkanı vermişdir.

Bu dəyişikliklər beynəlxalq sistemin əsasını təşkil edən Vestfaliya suverenlik prinsipinə ciddi təzyiq göstərir. Klassik Vestfaliya modelinə görə dövlətlər öz əraziləri üzərində ali suverenlik prinsipinə malik hesab olunur. Hibrid müharibə isə bu nəzarəti dolayı yollarla sarsıdır, daxili və xarici müdaxilə arasındakı sərhədi bulanıqlaşdırır. Beləliklə, dövlətlər təhlükəsizlik konsepsiyalarını köklü şəkildə yenidən nəzərdən keçirməyə məcbur olurlar.

Hibrid müharibənin əsas xüsusiyyətlərindən biri qeyri-müəyyənlik və inkar oluna bilmə (plausible deniability) elementinin yüksək olmasıdır. Hücum edən tərəf çox vaxt birbaşa identifikasiya olunmur, bu da beynəlxalq hüquqi reaksiyanı gecikdirir və ya zəiflədir. Bu səbəbdən, hibrid yanaşma yalnız hərbi strategiya deyil, eyni zamanda, güclü siyasi və psixoloji təsir mexanizmidir. Bu vəziyyət beynəlxalq hüquq normalarının tətbiqini də xeyli çətinləşdirir.

Hibrid müharibə müxtəlif sahələri birləşdirir: ənənəvi hərbi əməliyyatlar, qeyri-müntəzəm mübarizə, informasiya və kiber müharibə, iqtisadi sanksiyalar, enerji manipulyasiyası və psixoloji əməliyyatlar. Bu komponentlərin sinxronlaşdırılmış tətbiqi çoxölçülü və dinamik münaqişə mühiti yaradır ki, burada klassik müdafiə mexanizmləri çox vaxt yetərsiz qalır.

Tarixi paralellər göstərir ki, muzdlu qoşunların istifadəsi və dezinformasiya kimi dolayı təsir vasitələri artıq orta əsr Avropa müharibələrində də müşahidə olunurdu, lakin müasir dövrdə bu elementlər texnoloji imkanlar hesabına daha sistemli xarakter almışdır.

2014-cü il Krım hadisələri tez-tez hibrid müharibənin nümunəsi kimi göstərilir. Burada qeyri-rəsmi hərbi qüvvələrin istifadəsi, intensiv informasiya kampaniyası və yerli aktorların səfərbər edilməsi mühüm rol oynamışdır, baxmayaraq ki, bu prosesin qiymətləndirilməsi beynəlxalq müstəvidə mübahisəli olaraq, qalır.

Bununla belə, hibrid müharibə konsepsiyası birmənalı qəbul olunmur. Frank Hoffman hibrid müharibəni konvensional və qeyri-konvensional vasitələrin inteqrasiyası kimi izah etdiyi halda, Mark Galeotti bu anlayışın analitik baxımdan həddindən artıq genişləndirildiyini qeyd edir. Valeri Gerasimov isə 2013-cü il çıxışında müasir münaqişələrdə qeyri-hərbi vasitələrin rolunun artdığını vurğulamış, lakin Qərbdə “Gerasimov doktrinası” kimi tanınan yanaşmanın onun tərəfindən formal strategiya kimi təqdim olunmadığı geniş şəkildə qəbul edilir.

Hibrid müharibənin digər mühüm xüsusiyyəti onun uzunmüddətli və mərhələli xarakter daşımasıdır. O, ani qələbədən çox, rəqibi tədricən zəiflətmək, daxili ziddiyyətləri dərinləşdirmək və strateji mövqeləri addım-addım ələ keçirmək strategiyasına əsaslanır.

Nəticə etibarilə, hibrid müharibə müasir qarşıdurmaların izahında geniş istifadə olunan konseptlərdən birinə çevrilmişdir. O, yalnız fiziki gücə deyil, rəqibin zəif nöqtələrinin kompleks istismarına əsaslanır. Bu reallıq dövlətləri klassik hərbi doktrinalardan kənara çıxaraq, çoxşaxəli, çevik və asimetrik təhdidlərə cavab verə bilən inteqrasiya olunmuş təhlükəsizlik strategiyaları qurmağa vadar edir. Eyni zamanda, bu model beynəlxalq sabitlik üçün yeni, ciddi risklər yaradır və gələcək münaqişələrin daha da mürəkkəb və proqnozlaşdırılması çətin olacağına işarə edir.