CTAM növbəti beynəlxalq konfransda
Qərbi
Azərbaycan İcmasının təşkilatçılığı ilə “Mədəni irs və qayıdış hüququ: Ermənistandan
didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa
və sülhə aparan yol kimi” mövzusunda əhəmiyyətli konfrans keçirilib. Tədbirdə
dövlət qurumlarının təmsilçiləri, yerli və xarici tədqiqatçılar, ictimai xadimlər,
ekspertlər və media nümayəndələri iştirak ediblər. ABŞ, İtaliya, Niderland,
Qırğızıstan, Bolqarıstan, Seneqal, Şotlandiya, İsveç, İsveçrə və ümumilikdə, 60
ölkənin tanınmış elm adamlarının iştirakı ilə geniş müzakirələr aparılmışdır. Müzakirələr
Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın mədəni irsinin sistemli
şəkildə bərpası, beynəlxalq aləmdə tanıdılması və tarixi ədalətin təmin edilməsi
istiqamətində gerçəkləşmişdir.
Konfransda
“Cosmoline” Tərcümə Araşdırma və Mərkəzinin Qafqaz regionu üzrə eksperti Həsən
Əhmədovun çıxışı böyük maraqla qarşılanıb. H.Əhmədov “Yeni Çağ Media TV”yə
müsahibəsində bildirib ki, konfrans mədəni irsin bərpasının yalnız fiziki abidələrin
yenilənməsi olmadığını göstərir. Bu prosesin mahiyyəti tarixi yaddaşın dirçəldilməsi,
deportasiya olunmuş insanların hüquqlarının tanınması və gələcək nəsillərə
obyektiv məlumatların ötürülməsi ilə bağlıdır. Qərbi Azərbaycan İcmasının təşkil
etdiyi bu tip tədbirlər mədəni irsin beynəlxalq təşkilatlarda gündəmə gətirilməsi,
yeni araşdırmaların aparılması və siyasi-hüquqi müstəvidə müzakirələrin genişlənməsinə
təkan verir.
Konfrans
çərçivəsində səsləndirilən fikirlər və təqdim olunan faktlar regionda sülhün və
barışığın möhkəmləndirilməsinə də xidmət edir. Çünki mədəni irsə hörmət və onun
bərpası münaqişələrin həllində vacib humanitar komponent kimi çıxış edir. Bu
baxımdan, tədbirdə aparılan müzakirələr gələcək əməkdaşlıq proqramlarının
formalaşmasına, həm yerli, həm də beynəlxalq səviyyədə yeni layihələrin
icrasına zəmin yaradır.
Tədbirin
sonunda iştirakçılar mədəni irsin qorunması və bərpası istiqamətində yeni təşəbbüslər
irəli sürüblər. Ekspertlər və ictimaiyyət nümayəndələri bildiriblər ki, qayıdış
hüququnun təmin olunması üçün mədəni irsin bərpası əsas prioritetlərdən biri
kimi qalmalıdır.
Keçirilən
konfrans həm elmi, həm də ictimai əhəmiyyəti ilə seçilib və Qərbi Azərbaycanın
mədəni irsi ilə bağlı aparılan işlərə mühüm töhfə vermişdir.